“Marsel”in hücumçusu Arkadiuş Milik klub rekordunu təkrarlayıb.
Apasport.az saytının məlumatına görə, o, Konfrans Liqasının 1/8 final mərhələsində “Bazel”lə keçirilən ilk görüşdə buna nail olub.
Komandasının 2:1 hesabı ilə qalib gəldiyi matçda dubla imza atan polşalı avrokuboklarda iştirak etdiyi ardıcıl 5 matçda fərqlənməklə, 33 illik klub rekordunu təkrarlayıb. İlk dəfə 1988/89 mövsümündə Jan-Pyerr Papin bunu bacarıb.
Milikin son 5 görüşdə cəzalandırdığı komandalar “Latsio”, “Qalatasaray”, Moskva “Lokomotiv”i, “Qarabağ” və “Bazel” olub. O, “Qalatasaray”la səfər, “Qarabağ”la ev oyununda da dubl müəllifi olub. 28 yaşlı futbolçu Azərbaycan təmsilçisinə qarşı Bakıdakı matçda iştirak etməyib.
Qeyd edək ki, “Marsel”lə “Bazel” arasında cavab oyunu martın 17-də keçiriləcək.