“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi Türkiyənin “Sivasspor” klubu ciddi itkilərlə üzləşib.
Apasport.az saytının məlumatına görə, Super Liqanın IX turunda sabah “Fatih Karagümrük”lə qarşılaşacaq “igidlər” 8 futbolçunun xidmətindən məhrum qalıb.
Klubun 5 üzvü koronavirus infeksiyasından əziyyət çəkirsə, 3 nəfər zədəlidir. Konkret olaraq qabonlu müdafiəçi Aaron Appindanqoye, ukraynalı yarımmüdafiəçi Sergey Rıbalka və ispaniyalı hücumçu Jorje Feliksin zədəsi davam edir. Koronavirusa yoluxan oyunçulardan yalnız birinin adı açıqlanıb ki, bu da qapıçı Muammer Yıldırımdır.
Baş məşqçi Rıza Çalımbay həm “Fatih Karagümrük”lə sabahkı, həm də “Qarabağ”la Avropa Liqasının IV tur oyununda 8 oyunçusunun xidmətindən yararlana bilməyəcək.
Qeyd edək ki, “Qarabağ” – “Sivasspor” görüşü noyabrın 26-da İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək.