Konfrans Liqasının II təsnifat mərhələsində “Qarabağ”la Bakıda qolsuz bərabərə qalan “Aşdod” cavab görüşünə də ciddi itkilərlə çıxacaq.
Apasport.az saytının İsrail mətbuatına istinadən məlumatına görə, komandanın üç futbolçusu zədədən əziyyət çəkir.
Bir müddət əvvəl əməliyyat olunan yarımmüdafiəçi Məhəmməd Knaan Bakıda olduğu kimi, Aşdodda da baş məşqçi Ran Bem Şimonun sərəncamında olmayacaq. Onunla yanaşı, uqandalı müdafiəçi Timoti Avani də komandasına kömək edə bilməyəcək. İlk görüş öncəsi zədələnən Uqanda millisinin üzvünün İsraildə də meydana çıxmayacağı dəqiqləşib.
Əvəzində həkimlər digər uqandalı Fahad Bayonun tezliklə sıraya dönməsinə çalışırlar. Ancaq 23 yaşlı hücumçunun da “Qarabağ”la cavab qarşılaşmasında iştirak etmək şansı çox azdır.
Qeyd edək ki, “Aşdod” – “Qarabağ” oyunu iyulun 29-da keçiriləcək.