“İlk klubum olan “Srvena Zvezda” ilə düşməyimizi istəmirdim. Onlarla qrupda qarşılaşmaq əla olar”.
Apasport.az saytının məlumatına görə, bunu Zaqreb “Dinamo”sunun müdafiəçisi Damyan Daniçiç Çempionlar Liqasının III təsnifat və pley-off mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.
III raundda Macarıstan klubu “Ferensvaroş”la qarşılaşacaq Xorvatiya təmsilçisi qələbə qazanarsa, növbəti mərhələdə “Qarabağ” – “Molde” cütünün qalibi ilə üz-üzə gələcək. 20 yaşlı serbiyalı Daniçiç, xüsusən də, pley-off mərhələsindəki potensial rəqibləri barədə özlərindən əmin şəkildə danışıb: “Adətən, mərhələ adladıqca zəifdən güclüyə doğru gedir. Bizim ilk rəqibimiz çətin oldu. Növbəti mərhələdə də güclü komanda ilə qarşılaşacağıq. Əgər pley-offa vəsiqə qazansaq, orada ən asan variant düşəcək. Ancaq bizim üçün vacib olan özümüzük. Hər şey özümüzdən asılı olacaq”.
Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları sentyabrın 15-16-da keçiriləcək. 22-23 və 29-30 sentyabr tarixlərində isə pley-off matçları baş tutacaq. II təsnifat mərhələsindən mübarizəyə qoşulan "Dinamo" Rumıniya klubu ÇFR-i penaltilər seriyası ilə üstələyib.