Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan Türkiyənin “Sivasspor” klubunun heyətində daha bir itki baş verib.
Apasport.az saytının məlumatına görə, Super Liqa təmsilçisi yarımmüdafiəçi Ərdoğan Yeşilyurtun xidmətindən məhrum qalıb.
Çempionatın V turunda “Kayserispor”la (3:1) səfər matçının son dəqiqələrində zədələnən 27 yaşlı cinah oyunçusunun sağ ayaq topuğunda əzələ yırtılması aşkarlanıb. Klubun həkimi Ərdoğanın ən yaxşı halda 3 həftə sonra oynamağa hazır olacağını açıqlayıb. Bu isə o deməkdir ki, futbolçu qrup mərhələsində “Vilyarreal” (22 oktyabr) və “Makkabi” (Təl-Əviv – 29 oktyabr) ilə yanaşı, “Qarabağ”la noyabrın 5-də Türkiyədə keçiriləcək ilk görüşü buraxacaq.
Qeyd edək ki, “Sivasspor”un zədədən əziyyət çəkən mərkəz müdafiəçisi Aaron Appindanqoye də Azərbaycan çempionu ilə görüşdə meydanda olmaya bilər.