“Növbəti gərgin oyunumuz oldu. Vacib qələbə qazandıq”.
Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın XVIII turunda “Sumqayıt”la oyun barədə danışarkən deyib.
Autsayderlər zonasında qərarlaşan rəqibini doğma arenasında 1:0 hesabı ilə məğlub edən bakılılar ən azı bir günlük turnir cədvəlinin ikinci pilləsinə yüksəlib.
40 yaşlı mütəxəssis qarşılaşmadan sonra “CBC Sport” telekanalına açıqlamasında komandasının çıxışını dəyərləndirib: “İndi hər bir xal vacibdir. Bu da həmin oyunlardan biri idi. İlk hissənin 15-20 dəqiqəsində külək açıq-aşkar bizə qarşı idi. Bu üzdən topla rəftarda çətinlik çəkdik. Amma ikinci hissədə üstünlük bizim tərəfimizdə oldu. Həm bizim, həm də rəqibin imkanları oldu. 3 xal qazandığımız üçün sevinirik. Hər oyuna yüksək motivasiyada köklənirik. Hər şeyi düzgün etməyə çalışırıq ki, sonda sevinək. Son iki matçda rəqiblərimiz bizə qarşı aqressiv olur. Halbuki əvvəlki görüşlərdə belə deyildi. Bu da gözlənilən idi. Futbolçularıma da bu barədə tapşırıqlar vermişdim. Sevinirəm ki, oyunçularımız təmkinli və ağıllı oyun ortaya qoydular".
Baş məşqçi Hamidu Keytanın əvəzetmədən meydana daxil olaraq uğursuz çıxış etməsi ilə bağlı fikirlə razılaşmayıb: “Bu gün belə “11-liy”i görürdüm. Keyta yaxşı oynadı. Qolda xidməti var idi, özü də fərqlənə bilərdi”.