“Sabah”dan ayrılan futbolçu: “Onu “cırnatmağın” vaxtı gəlib” - MÜSAHİBƏ
19.06.2020 - 15:51
“Sabah”dan ayrılan futbolçu: “Onu “cırnatmağın” vaxtı gəlib” - MÜSAHİBƏ

“Sabah” klubundan ayrılan yarımmüdafiəçi Kərim Diniyevin apasport.az saytına müsahibəsi

- “Sabah” klubu bu gün sizinlə yollarını ayırdığı barədə məlumat yayıb. Baş məşqçi və rəhbərliklə görüşünüz oldumu?
- Klubla müqavilə müddətim başa çatdı, bir-birimizə təşəkkür edib, yollarımızı ayırdıq. Baş məşqçi ilə dünən, rəhbərliklə isə bu gün görüşümüz oldu. Bildirdilər ki, yeni müqavilə imzalanmayacaq. Göstərdiyimiz xidmətlərə görə təşəkkür etdilər, sağollaşdıq.

- Razısız ki, yenicə başa çatdırılan mövsümdə az oynamağınız ayrılığınızda həlledici oldu?
- Mən təkcə bu mövsüm yox, “Sabah”dakı karyeram haqda danışmaq istərdim. Klubun Premyer Liqadakı ilk mövsümündə hər şey normal idi. Komandanın vitse-kapitanı idim. Düşünürəm ki, birinci mövsüm bizim üçün yüksək səviyyədə keçdi. Çoxlarını təəccübləndirməyi bacardıq. Keçən ilin yayında isə yeni transferlər oldu, komanda güclənməyə çalışdı. Bunu nə dərəcədə bacarıb-bacarmadıqlarını demək çətindir. Çempionatın 9 oyununda, təxminən yarısında iştirak etdim. Əlimdən gələn köməkliyi etməyə çalışdım. Baş məşqçi Jelko Sopiçlə də aramızda heç bir problem olmadı. Onun gəlişindən sonra çox matçda oynadım.

- “Sabah”da çıxış edən qardaşınız Coşqun Diniyevlə eyni komandada yer almaq üçün darıxmayacaqsınız?
- İl yarım bir yerdə oynadıq, bəs edər. Onunla rəqib olmaqdan ötrü darıxmışam. Eyni komandada olanda birlikdə üzülüb, birlikdə sevinirik. Amma rəqib kimi bir-birimizi “cırnadırdıq”. Məncə, onu “cırnatmağın” vaxtı gəlib.

- Mövsümün başa çatdırılmasına qarşı çıxan yeganə komanda “Sabah” oldu. Sizcə, “Sumqayıt”ın 4-cü yerlə avrokuboklara vəsiqə qazanması digərlərinə haqsızlıq oldu?
- Haqsızlıq deməzdim, amma idman prinsipləri pozuldu. Bizim yerimizdə “Sumqayıt” və ya digər komandalar da olsaydı, məncə, eyni reaksiyanı göstərərdi. Çünki hər bir komanda avrokuboklarda iştirak etmək istəyir. Ancaq bu gün hər şeydən önəmlisi sağlamlıqdır. Futbol və digər məşğuliyyətlər gəldi-gedərdir, əsas insan sağlamlığıdır. Heç kimi riskə atmaq olmaz. Futbol sektorunda bir nəfər virusa yoluxsa, digərləri, onların ailələri və risk altına düşür. İdman prinsipləri baxımından bir az üzülürsən, amma assosiasiyanı da qınamaq olmaz. Çünki onlar da hökumətin qərarına uyğun addımlar atırlar. Məncə, çempionatın erkən başa çatdırılması indiki məqamda böyüdüləsi bir şey deyil.

- Niyə “Sumqayıt”la eyni sayda xal toplayan, ölkə kubokunda yarımfinalda olan “Zirə” yox, məhz “Sabah” etiraz edirdi?
- Düzünü demək lazımdırsa, “Sumqayıt”la “Zirə”nin avrokuboka vəsiqə şansı yarı-yarıya idi. Sizin də dediyiniz kimi, həm xalları eyni idi, həm də kubokda mübarizəni davam etdirirdilər. Onların adına da üzgünəm. Artıq qərar verilib, yalnız “Sumqayıt”a Avropa Liqasında uğurlar arzulamaq qalır.

- Bundan sonrası ilə bağlı planlarınız nədir?
- Ayrılmaqla bağlı sənədlərə hələ bu gün qol çəkmişəm. Hələ ki, ailəmə vaxt ayırıram. Karyeramı harada davam etdirəcəyimi bilmirəm.

Ruslan Sadıqov
 

0
Kərim Diniyev Sabah avrokubok