Çempionlar Liqasında (ÇL) “Real” və “Atletiko”nun ardından İspaniyanın digər klubu “Vilyarreal” da mübarizəni davam etdirib.
Apasport.az saytının məlumatına görə, 1:1 hesablı bərabərliyin revanşında səfərdə “Yuventus”u böyük hesabla məğlub edən (3:0) “Vilyarreal” 1/8 final səddini aşıb.
Bununla ardıcıl 17-ci mövsümdə İspaniya 1/4 final mərhələsində klublarla təmsil olunacaq. Bu isə turnirin mütləq rekordudur.
Bundan başqa, “Yuventus”la qarşılaşmada 3 qoldan 2-nə penaltidən imza atan “Vilyarreal” rekorda da şərik olub. Unay Emerinin yetirmələri “Atalanta”dan sonra səfərdə iki dəfə penaltidən fərqlənən ikinci klub kimi tarixə düşüb. İtaliya təmsilçisi 2020-ci ildə “Valensiya” ilə matçda rekorda imza atmışdı.
Qeyd edək ki, Çempionlar Liqasında 1/4 final və yarımfinal mərhələsinin püşkü sabah Nyonda atılacaq.