“Xanımıma görə məsuliyyət daşımıram" – Dabo “Neftçi”dən FİFA-ya şikayət etdi
27.06.2020 - 19:16
“Xanımıma görə məsuliyyət daşımıram" – Dabo “Neftçi”dən FİFA-ya şikayət etdi

“Neftçi”nin fransalı hücumçusu Baqali Dabo FİFA-ya şikayət edib.

Apasport.az saytının məlumatına görə, o, vəkili vasitəsilə paytaxt təmsilçisindən beynəlxalq quruma öz narazılığını bildirib.

Buna səbəb klub rəhbərliyinin onu böyük miqdarda cərimələməsidir. Söhbət Dabonun həyat yoldaşı tərəfindən sosial şəbəkədə yerləşdirilən video və fotodan gedir.

Həmin görüntülərdə futbolçunun “Qarabağ”ın formasını geyinməsi öz əksini tapıb və “Neftçi” rəsmilərini də elə bu hiddətləndirib.

2018-ci ilin yayında “Qəbələ”dən gələn forvard iyun ayının əməkhaqqısından və onun üçün müəyyənləşdirilmiş bonuslardan məhrum edilib. Cərimənin ümumi məbləği isə üst-üstə 41 min dollardır (70 min manat).

“Ağ-qaralar”la müqaviləsi iyulun 1-də bitəcək Dabo son ayın maaşının tamamilə tutulmasına əsas vermədiyini FİFA-ya məktubunda xüsusi vurğulayıb.

O, görüntüləri özünün çəkmədiyini, xanımının sosial şəbəkədə yaydığı kadrlara görə məsuliyyət daşımadığını diqqətə çatdırıb (sportinfo.az).
 

0