“Mario Balotelli İngiltərəyə gedəndə hamı onun siqaret çəkdiyini söylədi və bunu sensasiya kimi qələmə verdi. Halbuki oynadığım hər klubda siqaret çəkənlər var idi”.
Apasport.az saytının məlumatına görə, bunu Danimarka yığmasının sabiq hücumçusu Niklas Bendtner deyib.
Karyerası ərzində “Arsenal” və “Yuventus” kimi nəhəng klubların formasını geyinmiş 32 yaşlı forvard, xüsusən də, İtaliya təmsilçisində əksər oyunçunun siqaret çəkdiyini etiraf edib: “Yuventus”da keçirdiyim ilk gündə 10-12 nəfərin bir araya toplaşıb qəhvə içdiyini və ardından siqaret çəkdiyini gördüm. Çox təəccüblü mənzərə idi. Orada yaxşı vaxt keçirəcəyimi hiss etdim. Açığı, Andrea Pirlo və Canluici Buffonun da onların arasında olması məni şoka saldı. Çünki meydanda göstərdikləri peşəkarlıq və yoldaşlıq münasibətləri fərqli səviyyədə idi. Buna görə də, heç kim siqaret çəkə biləcəklərini düşünmürdü”.
Qeyd edək ki, Niklas Bendtner 2012/13 mövsümündə icarə əsasında “Yuventus”un formasını geyinib. Futbolçu hazırda Danimarkanın II divizion təmsilçisi “Tarnbi”də çıxış edir.