Tarixində ilk dəfə Avropa Liqasında çıxış edəcək "Sumqayıt" təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama görüşünü keçirib.
Apasport.az saytının məlumatına görə, "gənclik şəhəri" təmsilçisi "Zirə" ilə qarşılaşıb.
"Kapital Bank Arena"da baş tutan matçın ilk hissəsində Ayxan Abbasovun yetirmələri rəqib qapısından 2 cavabsız top keçiriblər. İkinci hissədə də üstünlüyünü davam etdirən "Sumqayıt" daha 2 dəfə fərqlənib. Son qola yeni transfer Əli Qurbani imza atıb.
Bununla "Sumqayıt" yoxlama görüşlərində ilk qələbəsini qazanıb.
Qeyd edək ki, "Sumqayıt" buna qədər "Neftçi" (0:3), "Sabah" (0:1) və "Qəbələ" (1:2) ilə oyunda məğlub olub. "Zirə" isə 2 oyun keçirib, "Keşlə"yə (0:1) uduzub, "Qəbələ" ilə 0:0 hesablı heç-heçə edib.
Yoxlama görüşü
14 avqust
"Sumqayıt" - "Zirə" - 4:0
Rüfət Abdullazadə, Elvin Məmmədov, Tellur Mütəllimov, Əli Qurbani
Sumqayıt. "Kapital Bank Arena"