“Sıx qrafikdə oynayırıq. Oyunçu dəyişmək şansımız az olduğu üçün futbolçulara çox güc düşür. Bu da meydanda göründü”.
Apasport.az saytının məlumatına görə, “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının XXV turunda “Neftçi” ilə keçirilən oyundan sonra deyib.
Qurbanov “ASK Arena”da baş tutan və komandasının 0:3 hesabı ilə məğlub olduğu görüşdən sonra fikrini bu sözlərlə davam etdirib: “120 dəqiqəlik ağır kubok matçından sonra futbolçuları bərpa etməyə çalışsaq da, vaxt çox az idi. Rəqib də “Neftçi” idi, onların heyətində usta futbolçular kifayət qədərdir. Uşaqlar meydanda əziyyət çəkdilər. İstənilən halda evdə belə böyük fərqlə məğlub olmağımız bizi üzür. Oyunumuzu təhlil edəcəyik. Çalışacağıq ki, bu səhvləri aradan qaldıraq. Buna rəğmən qol imkanlarımız oldu, dəyərləndirə bilmədik. “Neftçi” futbolçuları isə əllərinə düşən şansları dəyərləndirdilər”.
Baş məşqçi Silvio Rodrigesin əvəzləndikdən sonra birbaşa bazaya getməsinə və oyun zamanı köməkçilərindən birinin üstünə qışqırmasına da münasibət bildirib: “Bazamızda buz vannamız var. Kimi əvəz ediriksə, dərhal ora getməli idi. Çünki vaxtımız çox azdır, matçdan dərhal sonra bərpa olunmalıdır. Silvionun ora getməsi bizim tapşırığımız idi. O ki qaldı əsəbi olmağıma, bəzən aqressiv ola bilirik. Köməkçilərim mənim üçün dəyərlidir, əl-ələ verib işləyirik. Əsəbi vaxtımızda da bir-birimizə dözürük”.