Qyoko Hacievski: “Berti Foqts səviyyəsi yüksək olmayan futbolçulardan komanda yaratmalıdır”
31.03.2008 - 13:21
Qyoko Hacievski: “Berti Foqts səviyyəsi yüksək olmayan futbolçulardan komanda yaratmalıdır”
“Tanınmış mütəxəssisdir, dünya, Avropa çempionu olub. Foqtsun gəlişi həm Azərbaycanın, həm də mənim reytinqimi qaldıracaq. Yəni, yeni baş məşqçi təyin edilənədək dörd ay Azərbaycan yığmasına kömək etdim və başlanan işi belə səviyyəli mütəxəssis davam etdirəcək”. “Bakı”nın sükanı arxasında olan makedoniyalı çalışdırıcı almaniyalı həmkarının klubda çalışmamağını, sərbəst fəaliyyət göstərməsini üstün cəhət sayır. Bununla belə, Q.Hacievski vurğulayıb ki, B.Foqts əvvəlki yığmalardan fərqli, Azərbaycanda səviyyəsi yüksək olmayan futbolçulardan milli komanda yaratmalıdır: “Almaniya, Şotlandiya və Nigeriyada Foqtsun sərəncamımda yüksək oyunçular olub. Amma o, Azərbaycanda belə imkandan məhrumdur”. Makedoniyalı B.Foqtsun 2010-cu il dünya çempionatının seçmə mərhələsində rəhbərlik edəcəyi milli komandamızla qrupda yüksək yerlər tutmasını real saymır: “Foqtsun komandası Lixtenşteynlə Uels yığmalarını qabaqlamaqla, Almaniya, Rusiya və Finlandiyadan sonra qrupda 4-cü yeri tuta bilər. Əlbəttə, proqnozumda yanılıb, Azərbaycan yığmasının daha yaxşı nəticə qazanmasını çox istərdim”.
Qeyd edək ki, 16 illik tarixində indiyədək bir dəfə qrup sonuncusu olmayan milli komandamız 2000-ci il Avropa çempionatının seçmə mərhələsində yalnız Lixtenşteyni qabaqlayıb.
0