Litva - Azərbaycan görüşünün baş hakimi cəzalandırılıb
10.04.2008 - 12:28
Litva - Azərbaycan görüşünün baş hakimi cəzalandırılıb
Kişinyov. Mehman Süleymanov – APA-Sport. Azərbaycan milli komandasının martın 26-da Litva Vilnüsdə keçirdiyi yoldaşlıq görüşünü idarə edən baş hakim İqor Şatski cəzalandırılıb. “APA-Sport” agentliyinin məlumatına görə, 36 yaşlı FİFA hakimi Moldova çempionatının 25-ci turunda “Tiliqul-Tiras” – “Olimpiya” (2:1) matçında nəticəyə təsir göstərən səhvə yol verdiyi üçün üç oyunluq cəzaya məruz qalıb. İ.Şatskinin idarəçiliyindən narazı qalan qonaq komanda Moldova Futbol Federasiyasına şikayət edib. Qurumun Hakimlər Komitəsi mübahisəli epizodlarının müzakirəsinə 4 saata yaxın vaxt sərf edib və məğlub olan komandanı haqlı çıxarıb. “Olimpiya” əsasən qapısına təyin edilən penalti zərbəsindən narazı olub ki, İ.Şatskinin bu epizodda səhv buraxdığı təsdiqlənib. Artıq bir oyun buraxan İ.Şatskinin cəzası aprelin sonunda başa çatacaq.
Qeyd edək ki, milli komandamız da moldovalı hakimin idarəçiliyindən narazı qalıb. Vilnüs şəhərində keçirilən matçda Zaur Ramazanovla Zaur Tağızadəni sarı vərəqə ilə cəzalandıran İ.Şatski Elnur Allahverdiyevi matçın 33-cü dəqiqəsində meydandan qovub. Görüşün yarıdan çoxunu azlıqda keçirməli olan yığmamız məhz bundan sonra buraxdığı qolla 0:1 hesabı ilə məğlub olub.
0