Aleksandr Çertoqanov: “Knut Kirxer meydan sahiblərinə simpatiya göstərirdi”
11.04.2008 - 15:00
Aleksandr Çertoqanov: “Knut Kirxer meydan sahiblərinə simpatiya göstərirdi”
Bakı. Mehman Süleymanov – APA-Sport. “Almaniyalı hakim Knut Kirxerin idarəçiliyini yaxşı xatırlamıram. Yadımda qalan onun meydan sahiblərinə simpatiya göstərməsidir. Yəqin ki, bu dəfə belə olmayacaq”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “Neftçi” klubunun ukraynalı müdafiəçisi Aleksandr Çertoqanov deyib. 28 yaşlı milliləşən futbolçu Azərbaycan Premyer Liqasının qarşıdakı turu çərçivəsində “Olimpik” – “Neftçi” oyununu idarə edəcək Knut Kirxerlə yaşıl meydanda üz-üzə gəlib. Bu, 2006-cı ilin sentyabrın 2-də Belqradda keçirilən Serbiya – Azərbaycan oyunu olub ki, A.Çertoqanov həmin matçda milli komandamızın heyətində debüt edib: “Ümumilikdə, Kirxerin idarəçiliyi normal idi. Onun nəticəyə təsir göstərən səhvə yol vermədiyini demək olar. Əslində, mənim üçün oyunumuzu hansı hakimin idarə etməsinin heç bir fərqi yoxdur. Fikrimcə, azərbaycanlı hakimlər əcnəbilərdən geri qalmırlar. Hər halda, “İnter”lə bir ay öncəki görüşümüzü idarə edən almaniyalı Mark Simonn ilə yerlilər arasında ciddi fərq görmədim. Sadəcə, hakimləriniz komandaların narazılığından çəkinirlər, əcnəbilər isə yox”.
Qeyd edək ki, K.Kirxerin iki il öncə idarə etdiyi matçda meydana çıxanlardan Samir Musayev, Fərrux İsmayılov və Yuri Muzika hazırda “Olimpik”də çıxış edir. Rəqibə bir sarı vərəqə göstərən almaniyalı millimizdən Ruslan Abbasov, Elmar Baxşıyev və Andre Ladaqaya da xəbərdarlıq edib.
0