Sabir Əliyev: “Bərdədən 3 xalla qayıdacağıq”
11.04.2008 - 16:23
Sabir Əliyev: “Bərdədən 3 xalla qayıdacağıq”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Bu oyunda bir qol vurub Bərdədən 3 xalla qayıdacağıq”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Sumqayıtın “Gənclərbirliyi” klubunun baş məşqçisi Sabir Əliyev deyib. Azərbaycan Premyer Liqasının 21-ci turunda autsayderlərin iştirakı ilə keçiriləcək görüşdə ABN-in qonağı olacaq sumqayıtlıların çalışdırıcısı qələbəni etibarlı müdafiə sayəsində əldə etmək istəyir: “Bu matç bizim üçün böyük əhəmiyyət kəsb edir. Hətta deyərdim ki, hər iki komandanın taleyi bu oyundan asılıdır. Bu səbəbdən matça ciddi hazırlaşırıq. Əsas məqsədimiz qol buraxmamaqdır”. Son qələbəsini birinci dövrənin ABN-ə qarşı keçirilən oyunda qazanan “Gənclərbirliyi” ardıcıl 12 matçdır məğlub olur. S.Əliyev bildirib ki, həmin oyunla müqayisədə hər iki komandada yaxşılığa doğru dəyişikliklər baş verib: “Birinci dövrədə 4:0 hesabı ilə məğlub etdiyimiz rəqib ikinci dövrədə tam fərqli nəticələr göstərir. Bərdəlilər güclü rəqiblərlə oyundan xalla ayrıla bilib. Bizim komandaya da heyəti gücləndirə biləcək oyunçular cəlb olunub”.
0