Samir Musayev: “Qoy “Neftçi” bizimlə oyuna görə narahat olsun”
11.04.2008 - 16:37
Samir Musayev: “Qoy “Neftçi” bizimlə oyuna görə narahat olsun”
Bakı. Mehman Süleymanov – APA-Sport. “Almaniyalı hakim Knut Kirxer sərt oyuna imkan yaradırdı. Serbiya yığması ilə rəsmi görüşümüzdə onun idarəçiliyi ilə bağlı yadımda qalan əsas məqam budur”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “Olimpik” klubunun hücumçusu Samir Musayev deyib. İki il öncə milli komandamızın heyətində Belqradda Knut Kirxerin idarə etdiyi matçda iştirak edən 29 yaşlı futbolçu almaniyalı hakimdən razı qalıb: “Onun kobud yox, sərt oyuna imkan yaratması mənə ləzzət etdi. Belqradda meydança yağış yağdığı üçün sürüşkən idi. Kirxer də futbolçuların belə qazonda sonadək mübarizə aparmasına əngəl olmurdu. Onun idarəçiliyindən narazı qalmağa əsasımız da yox idi. Çünki oyun ərzində 2-3 dəfə hücum etdik, rəqib də matçın sonuna yaxın standard vəziyyətdən başla qapımıza qol vurdu”. Premyer Liqanın son turunda “Bakı” ilə görüşdə (1:0) sonradan meydana çıxaraq qələbə topunu vuran S.Musayevin “Neftçi”yə qarşı oynayacağı hələ məlum deyil. Onun sözlərinə görə, bu, oyun günü bilinəcək: “Matça qələbə qazanmaq üçün çıxacağıq. Minimum vəzifə heç-heçə etməkdir ki, bu da rəqiblə 4 xallıq fərqi qorumaq üçündür. Bizdə itiriləsi heç nə yoxdur. Məğlub olsaq belə, lider qalıb, “Neftçi”ni qabaqlayacağıq. Qoy onlar bizimlə oyuna görə narahat olsun. Çünki xal itirəcəyi, əsas da məğlub olacaqları halda, çempionluq əldən gedəcək. Bu, rəqibə təzyiq yaratdığı üçün, meydanda tələsəcəklər. Biz isə sakitcə öz oyunumuz oynayıb, “Neftçi”nin səhvindən yararlanacağıq”.
0