Kaxaber Tsxadadze: “Yunis Hüseynovun komandasına simpatiya bəsləyirəm”
11.04.2008 - 18:02
Kaxaber Tsxadadze: “Yunis Hüseynovun komandasına simpatiya bəsləyirəm”
Bakı. Mehman Süleymanov – APA-Sport. “Mənim çalışdırdığım “Standard”la Yunis Hüseynovun rəhbərlik etdiyi “Standard” fərqlənir. Bu, ilk növbədə taktiki sxemlə bağlıdır. Hüseynov meydanda 3-5-2, mən isə 4-3-3 taktiki düzülüşə üstünlük verirəm”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında Bakının “Standard” klubunun baş məşqçisi Kaxaber Tsxadadze deyib. Onun gözlərinə görə, Azərbaycan Premyer Liqasının qarşıdakı turu çərçivəsində Yunis Hüseynovun baş məşqçisi olduğu “Karvan”la sabahkı görüş prinsipial xarakter daşımayacaq: “İlk dövrədə “Standard”ın sükanı arxasında olan Hüseynovla Azərbaycanda tanış oldum. Onunla münasibətlərim yaxşıdır. Hesab etmirəm ki, Hüseynovun ilk dövrədə “Standard”ın sükanı arxasında olması matçın özəlliyi artırır. Həmkarımın çalışdırdığı komanda da texnikalı oyuna, meydanda dəqiq ötürmələrə üstünlük verir. Yunis Hüseynovun rəhbərlik etdiyi “Karvan”a simpatiya bəsləyirəm”. 40 yaşlı gürcüstanlı mütəxəssis bildirib ki, Yevlaxda oyuna yalnız qələbə qazanmaq üçün çıxacaqlar: “Karvan” son iki matçda uduzduğu üçün, öz meydanında bizi məğlub etməyə çalışacaq. “Standard” yeni komanda olduğu, güclülər dəstəsində ilk mövsümdür çıxış etdiyi üçün hər matçda özümüzü sübut etməliyik. Buna görə də Yevlaxa nəticə qazanmaq üçün yollanırıq”.
Qeyd edək ki, “Standard” ilk dövrədə Y.Hüseynovun rəhbərliyi altında öz meydanında “Karvan”a (1:2) hesabı məğlub olub.
0