Əli Quliyev: “Babək Quliyev komandamızı elə sındırıb ki, ruh düşkünlüyündən çıxa bilmirik”
11.04.2008 - 18:07
Əli Quliyev: “Babək Quliyev komandamızı elə sındırıb ki, ruh düşkünlüyündən çıxa bilmirik”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Xəzər-Lənkəran”la oyundan sonra komanda özünə gələ bilməyib. Babək Quliyev komandanı elə sındırıb ki, ruh düşkünlüyündən çıxa bilmirik”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında ABN klubunun baş məşqçisi Əli Quliyev deyib. Çalışdırıcı Azərbaycan Premyer Liqasının autsayderi “Gənclərbirliyi” ilə qarşılaşmanın çətin olacağını düşünür: “Bilirik ki, rəqib ardıcıl 12 oyundur uduzur. Amma bunun nə önəmi var? Klubu 4000, məni 4 oyun cəzalandırandan sonra hamımız həvəsdən düşmüşük. Üstəlik, 4 oyunçumuz – Azər Bağırov, Samir Mütəllimov, Samir Paşayev və Ramin Məmmədov bu matçda müxtəlif səbəblərdən iştirak edə bilməyəcək”. Birinci dövrədə Sumqayıt səfərində 0:4 hesabı ilə məğlub olan bərdəlilər həmin qarşılaşmadan sonra baş məşqçisi ilə vidalaşmışdı. Məhz həmin oyundan sonra Faiq Cabbarovu əvəzləyən Ə.Quliyev qisas hissinin xeyirlərinə olması qənaətindədir: “Həmin oyunla müqayisədə rəqib təcrübəli futbolçularla güclənib. Amma bu da faktdır ki, belə futbolçularla da oyunları alınmır. Belə də, 0:4 hesablı məğlubiyyətin əvəzini çıxmaq olar. Yetirmələrimə də həmin oyunu xatırlatmışam. “Gənclərbirliyi”ndən mütləq əvəz çıxmalıyıq. Axı 0:4 uduzub sonra əvəzini çıxmamaq olmaz”.
0