“Alman modeli”
28.04.2008 - 13:08
“Alman modeli”
Dünyanın işini bilmək olmur. 1945-ci il mayın 9-da azərbaycanlılar keçmiş sovet qoşunlarının tərkibində qələbə gününü qeyd edərkən, 1966-cı il dünya çempionatının finalında azərbaycanlı hakim Tofiq Bəhramov bayrağını silkələyərək, mübahisəli epizodu İngiltərənin xeyrinə həll edərkən və 2003-cü ildə onun adını daşıyan stadionun qarşısında qoyulan heykəlinin açılışına ingilislər məmnuniyyətlə qatılarkən, yəqin ki, heç kim bir müddət sonra çərxi-fələyin tərsinə dövran edəcəyini ağlına da gətirməzdi. Haradan biləydik ki, futbolumuzun başına keçən yeni qüvvələr “indiyədək olanlara bir quş” deyib, nicat yolunu məhz almanlarda görəcəklər.
Bəlkə də 2010-cu il dünya çempionatının seçmə mərhələsində eyni qrupa düşməsəydik, almanlara bel bağlamayacaqdıq. İndi Premyer Liqanın oyunlarını alman hakimlər “fırladır”. Artıq İslam Kərimov saqqallıları uşağa çevirib, Yaşar Vahabzadənin yox, Bernard Lippertin əlinə verir. O isə “ötürmə”ni millimizin başına gətirib qoyduğumuz Berti Foqtsa edir. Görün, Almaniya ilə eyni qrupa düşmək nə qədər ağır iş imiş!
Nə etsinlər, sabah bunları San-Marinonun gününə qoyub, qapılarına 10-15 top dolduranda girməyə yer də tapa bilməyəcəkdilər. Ona görə də 2010-cu il dünya çempionatının püşkü atılar-atılmaz Almaniya Futbol Federasiyasının ətəyindən bərk-bərk yapışıblar.
Deyilənlərə görə, guya Foqtsu yığmamızın başına keçirməkdə məqsədləri Rusiyanı yenərək, almanların yolunu açmaqdan ibarət olub. Birdən ruslar Avropa çempionatının seçmə mərhələsində ingilislərə olduğu kimi, almanlara da badalaq vurarlar. Əslində isə məqsəd podolskilərin, lamların, şvaynştaygerlərin hədəfi tapan güclü zərbələrindən sığortalanmaqdan başqa bir şey deyil. Əks halda, alman məşqçiləri yığmalarımızı yox, uşaq komandalarını öyrətmək üçün dəvət edərdilər. Bundan isə böyük fayda görmək olardı.
2002-ci ildə Türkiyə millisi dünya çempionatının bürünc medalını qazanarkən, aparıcı futbolçularının əksəriyyəti Almaniyada doğulanlar idi. Hətta Ümid Davala ilə Yıldıray Baştürk birgə keçirdikləri mətbuat konfransında Türkiyə futbolunun inkişafında Almaniyadan gətirilən türklərin böyük rol oynadıqlarını bildirmişdilər. Onları isə məhz alman məşqçilər tapıb üzə çıxarmışdı. Bu gün Almaniyada türklərlə yanaşı, çoxlu sayda azərbaycanlı da yaşayır. Onların əksəriyyəti düz 88 il öncə Azərbaycan cümhuriyyətinin bolşeviklər tərəfindən işğalından sonra Türkiyə vasitəsilə Almaniyaya üz tutanlar, 1941-45-ci il müharibəsində əsir düşənlərdən ibarətdir. Yəqin ki, onların ailələrində gələcəyin futbolçuları da böyüyür. Hətta bundesliqadan Türkiyə yığmasına üz tutan futbolçulardan bəzilərinin azərbaycanlı olması da istisna deyil. Sadəcə, onlarla maraqlanan, seleksiya işləri aparan yoxdur. Olsaydı, Foqts da millimizdə çalışan sələfləri kimi souzalara, suarezlərə, ramimlərə mili pasport alaraq, millimizə cəlb etmək fikrinə düşməzdi.
Rövnəq Abdullayev AFFA prezidenti seçilərkən, futbolumuzu Türkiyə modeli ilə inkişaf etdirəcəyini açıqlamışdı. İndi Dövlət Neft Şirkəti kimi strateji quruma rəhbərlik edən Abdullayevin almanlarla türkləri ayıra bilmədiyini iddia etmək fikrim yoxdur. Yəqin, o, “Türkiyə modeli” deyərkən, qardaş ölkə futbolunun inkişafının alman mütəxəssislərin və Almaniyadan gətirilən futbolçuların vasitəsilə mümkün olduğunu nəzərə çatdırmaq istəyib. Amma bu gün almanları futbolumuza gətirib doldurmaq heç “alman modeli” də sayıla bilməz. Çünki Lippert “saqqallı uşaqları” Almaniyaya təlim-məşq toplantısına apardığı vaxt oradan Azərbaycan əsilli futbolçuları tapıb-üzə çıxarmaq haqda yox, gözdən pərdə asan nəticələr haqda düşünür. Berti Foqts isə modelə bənzəyir. “Dünya şöhrətli mütəxəssisi Azərbaycan futboluna qazandırmışıq” deyənlər Foqtsu harada gəldi podiuma çıxarmaqla məşğuldurlar. Yaxşı modelə isə əynindəki geyim mane olmur. Belə bacarıqlıdırsa, göstərsin Azərbaycan forması ilə məharətini…
0