Xəqani Məmmədov: “Feyzullanın İntskirvelini meydandan qovmamağı düzgün qərardır”
28.04.2008 - 13:33
Xəqani Məmmədov: “Feyzullanın İntskirvelini meydandan qovmamağı düzgün qərardır”
Bakı. Mehman Süleymanov – APA-Sport. AFFA milli dərəcəli hakim Feyzulla Feyzullayevi cəzalandıracaq. Bu haqda “APA-Sport” agentliyinə Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib. F.Feyzullayevi Azərbaycan Premyer Liqasının son turunda Sumqayıtda baş hakim olduğu “Gənclərbirliyi” – “Karvan” (3:1) oyununu stadiondan izləyən komitə sədri onun idarəçiliyindən narazı qalıb: “Feyzulla oyunu bərbad idarə etdi. “Karvan”ın ikinci hissədə vurduğu təmiz qolu hesaba almadı. Belə bərbad hakimliyə görə cəza olacaq”. F.Feyzullayevin oyunda “Karvan”da 24 nömrəli formanı geyən gürcüstanlı müdafiəçi Aleksandr İntskirveliyə iki sarı vərəqə göstərdiyi halda, onu meydandan çıxarmamağı da müzakirə obyektinə çevrilib. Ancaq X.Məmmədov həmin epizodda gənc həmkarının “Karvan”ın legionerinə bir sarı vərəqə göstərdiyini deyib: “Maraqlıdır ki, Feyzullanın bu hərəkəti qabardıldığı halda, əslində, düz olan məhz bu qərar olub. Bunu matçın videoyazını izləyərkən şahidi oldum. Feyzullayev sarı vərəqələrdən birini “Karvan”ın yox, “Gənclərbirliyini”nin 24 nömrəli futbolçusu Zaur Əsədova göstərib. Feyzulla mətbuatda Aleksandr İntskirveliyə iki sarı vərəqə göstərsə də, ona qırmızı vərəqəni vermədiyini deməklə, özü kəndiri boğazına keçirir. Əslində, meydanda düz qərar qəbul etsə də, sonradan hər şeyi çaş-baş salıb. Feyzullayev belə hakimliklə Premyer Liqa oyunlarını idarə etməyə hazır olmadığını göstərdi”.
Qeyd edək ki, F.Feyzullayev indiyədək bir neçə dəfə cəzalandırılıb.
0