Xəqani Məmmədov: “Yusifov “Standard” - “Neftçi” matçını 28 dəqiqə yüksək səviyyədə idarə etdi”
28.04.2008 - 13:58
Xəqani Məmmədov: “Yusifov “Standard” - “Neftçi” matçını 28 dəqiqə yüksək səviyyədə idarə etdi”
Bakı. Mehman Süleymanov – APA-Sport. “Azərbaycan hakimlərinin yeganə problemi psixoloji hazırlıqla bağlıdır. Oyunda gərginlik artan zaman, meydanda dava-dalaş düşən kimi özlərini itirirlər”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib. Qurum rəhbəri Azərbaycan Premyer Liqasının hesabat turunda stadiondan idarəçiliyini izlədiyi hakimlərdə xeyli nöqsanlar aşkara çıxarıb: “Maraqlıdır ki, izləyə bilmədiyim, əyalətdə keçirilən oyunlarda hakimlər yaxşı idarəçilik edib. Sumqayıtda Feyzulla Feyzullayev, Bakıda isə Fariz Yusifovun idarəçiliyində səhvlərin şahidi oldum. Fariz “Şəfa” stadionunda keçirilən “Standard” – “Neftçi” oyununda ilk 28 dəqiqəni yüksək səviyyədə idarə etdi. Ancaq 28-ci dəqiqədə meydanda baş verənlər sonradan hakimliyə də öz mənfi təsirini göstərdi”. X.Məmmədovun sözlərinə görə, FİFA hakimi matçın 28-ci dəqiqəsində futbolçular arasında dava-dalaş zamanı vərəqə verməməklə, doğru qərar qəbul etməyib: “Həmin epizodda “Neftçi”nin futbolçusu Rəşad Sadıqov müdafiə olunan tərəf idi. İnsidenti alovlandıran isə “Standard”ın kapitanı Kamal Quliyev idi. Fariz Kamala mütləq sarı vərəqə verməli idi”.
0