Valentin Xodukin: “Biz lideri məğlub etməklə, “Neftçi” klubuna şans yaratdıq”
29.04.2008 - 11:15
Valentin Xodukin: “Biz lideri məğlub etməklə, “Neftçi” klubuna şans yaratdıq”
Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib. “Olimpik” klubunun çempionatda 367 gün davam edən məğlubiyyətsiz oyunlar seriyasını qırmasından öyünmədiyini bildirən ukraynalı çalışdırıcının sözlərinə görə, matçdan əvvəl futbolçulara uzaq məsafədən zərbələr vurmağı tapşırıb: “Futbolçulara rəqibin sıx müdafiəsini yarmağın çətin olduğunu, bizə qol vurmağa şans verməyəcəyini demişdim. Belə olan halda, yetirmələrimə uzaq məsafədən zərbələrə üstünlük verməyi tapşırmışdım. Sonda elə alındı ki, həm Xaqani Məmmədov, həm də Petar Zlatinov belə vəziyyətlərdən qol vurdu”. V.Xodukin liderin məğlub olmasından sonra çempionluğa iddialı “Neftçi” klubunun şansının artdığını vurğulayıb: “Olimpik”lə görüşdə “Neftçi” və digər iddiaçılar qələbə qazana bilmədi. Bilirsiniz, məni ən çox sevindirən çempionatın sonuna yaxın rəqabəti saxlamağımız oldu. Lider üzərində qələbə ilə ilk növbədə “Neftçi”yə çempionluq uğrunda mübarizədə şans yaratdıq. Hər halda, Demyanenkonun komandası “İnter” və “Xəzər-Lənkəran”dan iki xal irəlidədir. Biz rəqabəti saxladıq, indi başqaları hərəkətə gəlsin. Kənardan mübarizənin necə getdiyini izləyəcəyəm”.
Qeyd edək ki, turnir cədvəlində üçüncü pillədə qərarlaşan “İnter” Premyer Liqanın sonuna 4 tur qalmış lider “Olimpik”dən 7 xal geridədir.
0