Xaqani Məmmədov: “Olimpik”ə necə qol vurmağı hamı gördü”
29.04.2008 - 14:06
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Yəqin ki, “Olimpik”lə oyunumuzu digər komandalar da izlədi. Onlar liderə necə qol vurmaq lazım olduğunu baxıb gördülər”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Bakının “İnter” klubunun hücumçusu Xaqani Məmmədov deyib. 32 yaşlı hücumçu Azərbaycan Premyer Liqasının 18-ci turunda çempionatın lideri “Olimpik” üzərində qələbənin çətin əldə olunduğunu bildirib: “Oyundan əvvəl qol vuracağıma 100 faiz əmin deyildim. Lakin “Olimpik”in zəif cəhətlərini bildiyimdən bunun alınacağına ümid edirdim. Çalışdıq və istəyimizi gerçəkləşdirə bildik. “Olimpik”ə qarşı oynamaq çox çətindir. Çünki müdafiəyə meylli komandanın arxa xəttini yarmaq o qədər də asan olmur. Matçdan əvvəl qətiləşdirmişdim ki, mümkün qədər uzaq zərbələrə üstünlük verim. Bu komandada çıxış etdiyimdən bilirdim ki, qol vurmaq üçün ən yaxşı variant budur”. Paytaxt klublarının qarşılaşmasında vurduğu qolla Premyer Liqanın bombardirləri yarışında birinci yerə yüksələn X.Məmmədov karyerasında ilk belə uğuru əldə etmək üçün sonadək əlindən gələni edəcək: “Çalışacağam ki, ən sərrast oyunçular siyahısında birinci yeri əldən verməyim”.
0
0