Azərbaycan Premyer Liqasının oyunlarının başlanma vaxtı dəyişdirilib
29.04.2008 - 14:15
Azərbaycan Premyer Liqasının oyunlarının başlanma vaxtı dəyişdirilib
Bakı. Mehman Süleymanov – APA-Sport. Azərbaycan Premyer Liqasının qarşıdakı turunun oyunlarının vaxtında dəyişiklik edilib. Bu haqda “APA-Sport” agentliyinə AFFA-nın Yarışların Təşkili və Keçirilməsi Departamentinin rəisi Məlik Həsənov məlumat verib. Onun sözlərinə görə, XXIII turda matçların başlanma saatı 17:00-a təyin edilib: “Ötən ayla müqayisədə mayda oyunlar bir saat gec başlayacaq. Matçların nəzərdə tutduğumuzdan gec başlanması ilə bağlı istisnalar mümkündür. Bu, teleyayımla və süni işıqlandırma sistemi olan stadionlarla bağlı ola bilər. Oyunların fərqli saatda başlanması haqda müraciətlərə baxıb, onları müsbət cavablandıra bilərik”. Növbəti turun görüşləri keçiriləcək stadionlar arasında yalnız Lənkərandakı mərkəzi arenada süni işıqlandırma sistemi mövcuddur. Bunu nəzərə alan “Xəzər-Lənkəran” “Bakı” ilə görüşün 18:00-da başlanması ilə bağlı AFFA-ya müraciəti müsbət cavablanacaq.
Qeyd edək ki, XXIII turda 17:00-da “Gənclərbirliyi” – “Masallı”, “Turan” – “Qəbələ”, ABN – “İnter”, “Qarabağ” – “Standard”, “Karvan” – “Neftçi” və “Simurq” – “Olimpik” oyunları başlayacaq.
0