AFFA “Karvan” klubunun futbolçusunun cəzasını ləğv edib
29.04.2008 - 15:37
Bakı. Mehman Süleymanov - APA-Sport. AFFA Yevlaxın “Karvan” klubunun gürcüstanlı müdafiəçisi Aleksandr İntskirvelinin Azərbaycan Premyer Liqasının son turunda Sumqayıtda “Gənclərbirliyi” klubu ilə oyunda aldığı ikinci sarı vərəqəni ləğv edib. “APA-Sport” agentliyinin məlumatına görə, bununla bağlı qərar assosiasiyanın Nizam-İntizam Komitəsinin (NİK) bu gün keçirilən iclasında qəbul edilib. “Gənclərbirliyi” – “Karvan” matçının baş hakimi Feyzulla Feyzullayev protokolda qonaq komandada 24 nömrəli formanı geyən A.İntskirvelinin ikinci xəbərdarlıq aldığını qeyd etmişdi. Əslində, hakim vərəqələrdən birini “Gənclərbirliyi”ndə 24 nömrəli formanı daşıyan futbolçu Zaur Əsədova göstərib. F.Feyzullayev AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədova ünvanladığı raportda A.İntskirvelinin ikinci xəbərdarlıq almadığını və protokolda bunu səhvən qeyd etdiyini bildirib. NİK hakimin raportu, həmçinin matçın videoyazısına əsaslanaraq “Karvan”ın 24 nömrəli futbolçusunun aktivindən ikinci sarı vərəqənin ləğv edilməsi haqda qərar çıxarıb. Bununla da cəzası götürülən A.İntskirveli Premyer Liqanın növbəti turunda mayın 4-də “Neftçi” ilə Yevlaxda keçiriləcək oyunda meydana çıxa biləcək.
Qeyd edək ki, F.Feyzullayevin oyundakı idarəçiliyinə baxılması Hakimlər Komitəsinə həvalə edilib.
Qeyd edək ki, F.Feyzullayevin oyundakı idarəçiliyinə baxılması Hakimlər Komitəsinə həvalə edilib.
0
0