Vüsal Əliyev: “Test normativlərini verməyim mümkün deyil”
29.04.2008 - 18:41
Vüsal Əliyev: “Test normativlərini verməyim mümkün deyil”
Bakı. Mehman Süleymanov – APA-Sport. FİFA hakimi Vüsal Əliyev xoşagəlməz olayla üzləşib. Bu barədə “APA-Sport” agentliyinə açıqlamasında 38 yaşlı hakim bildirib ki, zədə problemi ilə üzləşdiyindən ölkə çempionatında keçirilən son iki tura təyinat ala bilməyib: “Qaxda keçirilmiş “Simurq” – “Neftçi” matçında xəsarət aldım. Ayağım çalaya düşdü və nəticədə əzələmi dartdım. İki il öncə Lənkəranda Olimpiya İdman Kompleksinin stadionunda “Xəzər-Lənkəran”la “Karvan” arasındakı görüşdə də həmin yerdən zədələnmişdim. Həmin vaxt matçı sonadək başa çatdıra bilmədiyimdən məni ehtiyat hakim Ceyhun Haşımov əvəzlədi. Bu dəfə birtəhər dözüb, görüşü sonadək idarə etdim”. V.Əliyev bildirib ki, zədədən əziyyət çəkdiyindən məşq edə bilmir: “Bu səbəbdən test normativlərini verməyim də mümkün deyil. Müalicə olunmaqla yanaşı, bir müddət istirahətə ehtiyacım var. Yəqin ki, növbəti həftə keçiriləcək oyunlaradək tam sağalacağam”.
0