Yunis Hüseynovla Anatoli Demyanenko 7075 gündən sonra qarşılaşacaq
01.05.2008 - 11:25
Yunis Hüseynovla Anatoli Demyanenko 7075 gündən sonra qarşılaşacaq
Flaqmanın heyətində çıxış etdiyi vaxt komandasının Kiyev “Dinamo”su ilə 5 görüşündə iştirak edən yarımmüdafiəçi hər dəfə önündə A.Demyanenkonun yer aldığı müdafiə xəttini görüb. SSRİ çempionatlarının güclülər dəstəsində 5 dəfə qarşılaşan rəqiblərin iştirak etdiyi oyunlarda “Dinamo” 2, “Neftçi” 1 qələbə qazanıb. Daha iki matç heç-heçə nəticələnib. 1985-ci il iyunun 19-da Y.Hüseynovla A.Demyanenkonun iştirakı ilə keçirilən ilk görüşdə 1:1, növbəti il noyabrın 9-da baş tutan oyunda 0:0 hesablı heç-heçə qeydə alınıb. 1987-ci il oktyabrın 31-də bakılılar 3:1 hesabı ilə qalib gəlib. İlk üç oyunda A.Demyanenkonun komandasına məğlub olmayan Y.Hüseynov rəqibi kimi bu görüşlərdə əvəzlənmədən meydanda olub. Mütəxəssislərin futbolçu karyerası ərzində 4-cü qarşılaşması da əvvəlkilər kimi Bakıda keçirilib. İyirmi il əvvəl iyunun 4-də baş tutan matçda A.Demyanenko ilk, noyabrın 19-da - 7075 gün əvvəl Kiyevdəki yeganə qarşılaşmada isə ikinci qələbəsini qazanıb - müvafiq olaraq, 3:0 və 2:1. Lakin məğlub olduğu matçlarda Y.Hüseynov rəqibindən fərqli 90 dəqiqə meydanda olmayıb. Yarımmüdafiəçi 20 il əvvəlki görüşlərin müvafiq olaraq 88 və 68-ci dəqiqəsində əvəzlənərək meydanı tərk edib.
Qeyd edək ki, Azərbaycan Premyer liqasının 23-cü turunun “Karvan” – “Neftçi” matçı mayın 4-də keçiriləcək.
0