Azərbaycan futbolçusu Emin Ağayev Rusiyada cəzalandırılıb
05.05.2008 - 11:18
Azərbaycan futbolçusu Emin Ağayev Rusiyada cəzalandırılıb
İvanovo. Mehman Süleymanov - APA-Sport. Azərbaycan milli komandasının sabiq müdafiəçisi Emin Ağayevin çıxış etdiyi Rusiyanın “Volqa” klubu ardıcıl ikinci oyunda heç-heçə edib. “APA-Sport” agentliyinin məlumatına görə, ölkə çempionatının ikinci divizionunun Qərb zonasında mübarizə aparan Tver təmsilçisi cari mövsümdə səfərdə keçirdiyi ilk görüşdə xal itirib. İvanovo şəhərində yerli “Tekstilşik” klubunun qonağı olan “Volqa” matçın gedişində hesabda irəli olsa da, sonradan üstünlüyünü əldən verib – 1:1. Bu dəfə də əsas heyətdə yer alan E.Ağayev 66-cı dəqiqədə əvəzlənib. Bunadək isə 35 yaşlı futbolçumuz kobud oyuna görə cəzasını alıb. Matçı idarə edən ryazanlı hakim Vitali Fedulov 47-ci dəqiqədə E.Ağayevə sarı vərəqə göstərib ki, bu da həmyerlimizin cari mövsümdə ilk cəzası olub. Üç turdan sonra hesabında 5 xal olan “Volqa” hazırda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
0