Bosniya və Herseqovina yığması Azərbaycanı Zenitsa şəhərində qəbul edəcək
07.05.2008 - 16:35
Bosniya və Herseqovina yığması Azərbaycanı Zenitsa şəhərində qəbul edəcək
Bakı. Aqşin Əliyev-APA-Sport. Azərbaycan milli komandası iyunun 1-də beynəlxalq yoldaşlıq görüşü çərçivəsində Bosniya və Herseqovina ilə Zenitsa şəhərində qarşılaşacaq. Bu barədə “APA-Sport” agentliyinə Bosniya və Herseqovina Futbol Federasiyasının mətbuat katibi Slaviça Peçikoza məlumat verib. Paytaxt Sarayevodan 70 km aralıda yerləşən Zenitsa ölkənin ən böyük şəhərlərindən biridir. Yoldaşlıq matçı “Selik” klubunun ev oyunlarını keçirdiyi “Bilino Polye” stadionunda baş tutacaq. 1972-ci ildə istifadəyə verilən “Bilino Polye” 18 min tamaşaçı tutumuna malikdir. S.Peçikoza bildirib ki, Azərbaycana qarşı forma geyəcək futbolçuların adları bir neçə gündən sonra açıqlanacaq.
Qeyd edək ki, milli komandamız 16 illik tarixi ərzində heç vaxt Bosniya və Herseqovina ilə görüşməyib.
0