Yunis Hüseynov: “Komandamız hələ ki “Olimpik”i büdrətmək üçün kənardan stimullaşdırılmayıb”
08.05.2008 - 13:02
Yunis Hüseynov: “Komandamız hələ ki “Olimpik”i büdrətmək üçün kənardan stimullaşdırılmayıb”
Bakı. Mehman Süleymanov-APA-Sport. “Liderlə görüşdə bir xalla kifayətlənmək niyyətində deyilik”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında Yevlaxın “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynov deyib. Azərbaycan Premyer Liqasının qarşıdakı turunda “Şəfa” stadionunda “Olimpik”lə görüşəcək 43 yaşlı mütəxəssis bildirib ki, matça Bakıda ciddi hazırlaşıblar. Onun sözlərinə görə, komandası turnir cədvəlində mövqeyindən asılı olmayaraq, liderləri büdrətməyə qadirdir: “Son turda “Neftçi” ilə Yevlaxdakı oyunda məğlubiyyətə layiq deyildik. Həmin matçda bəxtimiz gətirmədi. Komandanın “Neftçi” ilə matçda xoş təsir bağışlaması məndə “Olimpik”ə qarşı da yaxşı oynayacağımıza inam yaradıb. Sözsüz ki, bu dəfə yaxşı oyun göstərməklə yanaşı, nəticə də qazanmalıyıq”. Liderləri büdrətməyə görə stimullaşdırmanı normal hesab edən çalışdırıcı bildirib ki, bu oyunla bağlı kənardan sifariş almayıblar: “Beynəlxalq miqyasda stimullaşdırma praktikası istifadə olunsa da, biz yalnız öz oyunumuz haqda düşünürük. “Olimpik”in rəqiblərinin hansı nəticəni gözləməsi bizi maraqlandırmır. Öz rəhbərliyimiz var və onlar da nəticəyə görə komandaya mükafat verirlər. Komandamız hələ ki “Olimpik”i büdrətmək üçün kənardan stimullaşdırılmayıb”.
0