Azərbaycanın çimərlik futbolu milli komandası Norveçi məğlub edib - FOTO
12.05.2008 - 15:07
Azərbaycanın çimərlik futbolu milli komandası Norveçi məğlub edib - FOTO
Benidorm. Vüqar Xeyrullayev-APA-Sport. Azərbaycanın çimərlik futbolu üzrə milli komandası dünya çempionatının seçmə mərhələsində ilk qələbəsini qazanıb. “APA-Sport” agentliyinin məlumatına görə, braziliyalı mütəxəssis Qustavo Enrike Zlokkovik Silvanın yetirmələri Norveç yığmasına 3:2 hesabı ilə qalib gəliblər. Komandamıza qələbəni Elşad Quliyevlə (2 qol) Hikmət Bağırovun qolları gətirib. Benidorm şəhərində keçirilən Avropa zonasının C qrupunun oyunlarına İtaliyaya 2:4 hesablı məğlubiyyətlə başlayan milli komandamız sabah Yunanıstanla qarşılaşacaq.
Qeyd edək ki, Avropa zonasında 24 komanda 6 qrupda 4 vəsiqə uğrunda mübarizə aparır. Qruplarda ilk iki pilləni tutan komandalar, həmçinin 3-cü yerlər arasında ən yaxşı göstəriciyə malik 4 komanda 1/8 finala vəsiqə qazanacaq. Yarımfinala yüksələn 4 komanda iyulda Fransanın Marsel şəhərində təşkil ediləcək dünya çempionatında oynamaq hüququ əldə edəcək.





0