Xaqani Məmmədov hakimlərə xəbərdarlıq edib
14.05.2008 - 18:20
Xaqani Məmmədov hakimlərə xəbərdarlıq edib
Bakı. Mehman Süleymanov - APA-Sport. “Masallı” - “Simurq” matçında hakimliklə bağlı cüzi problem vardı. Bu da ilk növbədə oyun qaydalarını yaxşı bilməməkdən qaynaqlanır”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib. Lənkəranda keçirilən “Masallı” - “Simurq” oyununda milli dərəcəli hakim Rövşən Əhmədovun briqadasının idarəçiliyini qənaətbəxş hesab edən komitə sədri nəticəyə təsir edən səhvə yol verilmədiyini bildirib: “Simurq”un vurduğu qol düzgün olaraq hesaba alınmayıb. Həmin epizodda qayda pozuntusu olub. Sadəcə, oyun qaydalarını bilməmək problemə gətirib. “Simurq”un rəhbərliyi ilə telefon söhbətimdə vəziyyəti aydınlaşdırmışam. Hakimlərin məşqçilərin taktikasına, ümumiyyətlə, işinə qarışmağa ixtiyarları yoxdur. Birmənalı olan bu məqamla bağlı ədalət təmsilçilərinə xəbərdarlıq edilib. Hakim onu təhqir edən haqda oyunun protokolunda qeyd aparmaq hüququndan istifadə edə bilər. Nizam-Intizam Komitəsi var, onlar da lazımi cəzanı verirlər. Hakim məşqçini təhqir edirsə, bəs onda necə olsun? Yan xətt hakimi İqor Şpakovski Roman Pokoranın nalayiq sözlər demədiyini təkidlə inandırırdı”.
0