“Olimpik” Premyer Liqada “Xəzər-Lənkəran”a qalib gələ bilməyib
15.05.2008 - 16:51
“Olimpik” Premyer Liqada “Xəzər-Lənkəran”a qalib gələ bilməyib
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan Premyer Liqasının son turunadək çempionluğu rəsmiləşdirmək üçün “Olimpik” və Əsgər Abdullayev sindrom qırmalıdır. “APA-Sport” agentliyinin məlumatına görə, çempionatın lideri indiyədək Premyer Liqa matçlarında “Xəzər-Lənkəran”a qalib gələ bilməyib. Səfərdə keçirdiyi hər iki qarşılaşmada minimal fərqlə uduzan “Olimpik” Lənkəranda meydan sahiblərindən bir xal da ala bilməyib. 2005/06 mövsümündə 1:0, 2006/07 mövsümündə isə 3:2 hesabı ilə qələbəni bayram edən lənkəranlılar Bakıda keçirdiyi 3 oyunda da rəqibinə cəmi 1 xal verib. “Olimpik” güclülər dəstəsindəki ilk iki mövsümdə müvafiq olaraq 0:2 və 1:2 hesabı ilə qonaqlar önündə aciz qalmışdısa, carı mövsüm ilk dəfə rəqibindən xal ala bilib – 0:0. Bakılıların “Xəzər-Lənkəran” sindromu kimi, onların baş məşqçisi Ə.Abdullayev üçün də əks düşərgədə məğlubedilməz rəqib var. Belə ki, “Bakı fəhləsi”, “Şəmkir”, “Neftçi” və “Xəzər-Lənkəran”da çalışdığı dövrdə Ağasəlim Mircavadovun yetirmələri “Olimpik”in baş məşqçisinə uduzmayıb. Ə.Abdullayev “Şəfa” və “Bakı”da bacarmadığına nail olmaqla, çempion tituluna da sahib ola bilər.
Qeyd edək ki, Premyer Liqanın XXV turunda qarşılaşacaq “Xəzər-Lənkəran”la “Olimpik” mayın 17-də görüşəcək.
0