24 yaşlı məşqçi Ramil Əliyev Azərbaycanın futbol tarixinə düşüb
26.05.2008 - 15:48
24 yaşlı məşqçi Ramil Əliyev Azərbaycanın futbol tarixinə düşüb
Bakı. Aqşin Əliyev - APA-Sport. Mərkəzi Ordu İdman Klubunun (MOİK) baş məşqçisi Ramil Əliyev yeni rekord müəyyənləşdirib. “APA-Sport” agentliyinin məlumatına görə, R.Əliyev aşağı dəstə təmsilçinə yüksək liqaya vəsiqə qazandıran ən gənc məşqçi kimi Azərbaycan futbol tarixinə düşüb. Çalışdırıcı bu uğura 24 yaşında imza atıb. Məşqçilik fəaliyyətinə MOİK-in yeniyetmələrdən ibarət komandasında başlayan R.Əliyevin yüksək dəstədə də iş təcrübəsi var. O, 2005/06-cı il mövsümünün ikinci dövrəsində ordu klubunda baş məşqçi səlahiyyətlərini yerinə yetirib. Buna baxmayaraq, həmin mövsüm MOİK yüksək dəstə ilə vidalaşıb. Ötən ilin yayında isə R.Əliyev MOİK-in baş məşqçisi təyin olunub. Bu postda Vaqif Paşayevi əvəzləyən gənc çalışdırıcı elə ilk cəhddəcə qarşıya qoyulan vəzifənin öhdəsindən gələrək, rəhbərlik etdiyi kollektivi Premyer Liqaya yüksəldib. Bir müddət Belarusda təcrübə kursları keçmiş R.Əliyev B kateqoriyalı məşqçilik lisenziyasına malikdir.
Qeyd edək ki, indiyədək aşağı dəstə təmsilçinə yüksək liqaya vəsiqə qazandıran ən gənc məşqçi Vladislav Qədirov olub. Maraqlıdır ki, o, 30 yaşında olarkən məhz MOİK-in baş məşqçisi qismində belə uğur qazanmışdı.
0