Aslan Kərimov: “Olimpik”i əks-hücumda cəzalandıracağıq”
27.05.2008 - 16:26
Aslan Kərimov: “Olimpik”i əks-hücumda cəzalandıracağıq”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Olimpik”lə oyunda bizim üçün itiriləsi bir şey yoxdur. Meydana rahat çıxıb, öz oyunumuzu nümayiş etdirəcəyik. Danışılmış oyunlara getməyən “Qarabağ” təmiz adını yenə qoruyacaq”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında Ağdamın “Qarabağ” klubunun kapitanı Aslan Kərimov bildirib. 35 yaşlı müdafiəçi Azərbaycan Premyer Liqasının son turu çərçivəsində sabah “Şəfa” stadionunda görüşəcəkləri “Olimpik”i çempionluğa layiq komanda sayır: “Sözsüz ki, “İnter” də çempionluğa layiqdir. Ancaq son tur öncəsi “Olimpik” liderdirsə, deməli, onun 1-ci olması daha realdır. “Olimpik” çempion olarsa, bunu layiqli hesab edəcəyəm”. Son turda heç-heçə ilə qane olacaqlarını deyən A.Kərimov bunu turnir cədvəlindəki mövqe ilə əlaqələndirib: “Əslində 5-ci yer uğrunda mübarizədə bizə bir xal da bəs edir. “Olimpik” isə bir xalla çempionluğunu rəsmiləşdirmiş olacaq. İstənilən halda, sabah meydana qalib gəlmək üçün çıxacağıq. Fikrimcə, bütün oyun boyu hücum etmək, böyük qüvvə ilə hücuma atılmaq da düzgün olmazdı. “Olimpik”i əks-hücumda cəzalandırmağa çalışacağıq. Düzdür, bu komandaya istəyinə çatmaq üçün böyük qüvvə ilə müdafiə olunacağı gözlənilir. Ancaq digər tərəfdən, “Olimpik” hücum edib, bir top vurmaqla, çempionluğu özü üçün zəmanət edəcək. Biz də rəqibin irəli atılmasını gözləyib, onu üstələməyə çalışacağıq”.
0