Şahin Diniyev: “Azərbaycan yığmasının oyununda ürəkaçan, gələcəyə nikbin baxmağa əsas verən bir element görmədim”
02.06.2008 - 13:08
Şahin Diniyev: “Azərbaycan yığmasının oyununda ürəkaçan, gələcəyə nikbin baxmağa əsas verən bir element görmədim”
Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev deyib. İki il çalışdırdığı əsas yığmanın Zenitsa şəhərində Bosniya və Herseqovinaya 0:1 hesabı ilə məğlub olduğu sınaq matçını izləyən 42 yaşlı mütəxəssis oyundan narazı qaldığını bildirib: “Milli komandamızın oyununda ürəkaçan, gələcəyə nikbin baxmağa əsas verən bir element görmədim. Rəqibin xeyli zəifləmiş heyətinə də uduzmaq çox acınacaqlıdır. Mən yığmanın sabiq baş məşqçisi kimi yox, mütəxəssis, futbol ictimaiyyətinin nümayəndəsi kimi fikir bildirirəm”.
Ş.Diniyev yığma komandanın uğursuzluğa düçar olmasını baş məşqçidə axtarmağın düzgün olmadığını vurğulayıb: “Problem futbolçulardadır. Bosniya və Herseqovina ilə matç dediklərimə bir daha sübut oldu. Baş məşqçi 6-10 faiz dəyişiklik edə bilər. Bu, müsbət, yaxud mənfi ola bilər. Qalan 90-94 faiz heyətdən, futbolçulardan asılıdır. Dediklərim futbolda qəbul olunmuş, sübuta ehtiyac olmayan aksiomadır”.
0