“Bakı” Zaqrebin “Dinamo” klubunun qapıçısını transfer edəcək
02.06.2008 - 16:44
“Bakı” Zaqrebin “Dinamo” klubunun qapıçısını transfer edəcək
Bakı. Mehman Süleymanov - APA-Sport. Üç il şərəfini qoruduğu “Neftçi” klubundan ayrılan Vadim Borets karyerasını “Bakı”da davam etdirəcək. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən “Bakı” klubunun baş məşqçisi Qyoko Hacievskinin sözlərinə görə, 32 yaşlı moldovalı yarımmüdafiəçi ilə artıq ilkin razılıq əldə olunub: “Boretsin çıxışını bəyənmişdim. Belə bir təcrübəli futbolçunun transferi komandaya fayda verməlidir. Bizə Borets kimi orta sahə oyunçusu lazımdır. Onunla ən azı iki illik müqavilə bağlayacağıq”. Başqa legionerlərin də transfer ediləcəyini deyən makedoniyalı mütəxəssis xorvatiyalı qapıçının yolunu gözlədiyini söyləyib: “Xorvatiyanın yüksək liqasında mübarizə aparan “İnter”in qapıçısı Marko Sarilyanın yolunu gözləyirik. 1,88 metr boya malik olan 26 yaşlı bu qapıçı qışda transfer etdiyimiz xorvatiyalı Ernad Skuliçin dostudur. Mən Markonu Zaqrebin “Dinamo” klubunda çıxış etdiyi dövrdən tanıyıram. Seneqallı qapıçımız Xalidu Sissoko ilə müqaviləmiz başa çatıb və onu xorvatiyalı ilə əvəzləmək fikrindəyik”. Q.Hacievskinin sözlərinə görə, “Bakı” 2004-cü ildən heyətində yer alan X.Sissoko ilə yanaşı, anlaşması bitən milli komandamızın sabiq braziliyalı yarımmüdafiəçisi Andre Ladaqa ilə də yollarını ayırıb. Dörd ildir komandanın şərəfini qoruyan gürcüstanlı Aleksandr Qoqoberişvilinin də gedişini gözlənilən hesab edən makedoniyalı onun həmyerlisi Amiran Muciri ilə vidalaşacaqlarını istisna etməyib: “Rafael Əmirbəyov, Cəmşid Məhərrəmov, Səbuhi Həsənov, Elnur Abdullayev, Dejan Brankoviç, Ernad Skuliç, Stanislav Baçev, Əhməd Ticani, Leandro Qomeş, Fernando Peresin qalacağı dəqiqdir. Qışda transfer edilən, ümidlərimizi tam doğrultmayan seneqallı hücumçu Eli Sisseni gələcək taleyini müzakirə edirik. Anatoli Ponomaryovu transferə çıxarmışıq. “Neftçi” klubundan ayrılan Ramin Quliyev, Ramazan Abbasov və Ramal Hüseynovu geri qaytaracağımız gözlənilir. Milli komandada rəhbərliyim altında olan müdafiəçi Elvin Əliyevlə yarımmüdafiəçi Emin İmaməliyev də maraq dairəmdə, transfer siyahımızda olan futbolçulardandır”.
Qeyd edək ki, “Bakı” il yarım öncə “Xəzər-Lənkəran”a keçən sabiq kapitanı Ceyhun Sultanovu da geri qaytarmaq fikrindədir.
0