“İnter” “Neftçi” klubunun rekordunu təkrarlayıb
30.07.2008 - 16:13
“İnter” “Neftçi” klubunun rekordunu təkrarlayıb
Bakı. Mehman Süleymanov - APA-Sport. Bakının “İnter” klubu “Neftçi”nin rekordunu təkrarlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, “İnter” flaqmanın avrokuboklarda üç oyunluq məğlubiyyətsiz oyunlar seriyasını davam etdirib. Çempionlar Liqasında debüt mövsümünü keçirən paytaxt təmsilçisi hələlik uduzmayaraq, hər üç görüşünü heç-heçə başa vurub. “İnter” son iki matçında - Makedoniyanın “Rabotniçki” və Serbiyanın “Partizan” klubları ilə görüşlərdə 1:1 hesablı bərabərliyə qalıb. Ukraynalı mütəxəssis Valentin Xodukinin çalışdırdığı komanda Çempionlar Liqasında debüt oyununda Bakıda “Rabotniçki” ilə qolsuz heç-heçə edib. 14 ildir avrokuboklarda çıxış edən klublarımız cari mövsümədək ən yaxşı halda ardıcıl iki oyunda uduzmayıb. Yalnız “Neftçi” İntertotoda son üç görüşdə məğlub olmamaqla, rekorda imza atmışdı. Bu, “Jerminal” (Belçika) ilə oyunlar (1:1 və 1:0) və “Vaslui”ni (Rumıniya) Bakıda məğlub edəndən (2:1) sonra reallaşıb. Rumıniyalılar cavab görüşündə qazandıqları qələbə (2:0) sayəsində məğlubiyyətsiz oyunlar seriyasına son qoyduğu “Neftçi”nin UEFA kubokuna yüksəlməsinə imkan verməyib.
Qeyd edək ki, “İnter” avqustun 6-da Belqradda “Partizan”a məğlub olmayacağı halda, yeni rekord müəyyənləşdirəcək.
0