Azərbaycan kubokunun final matçı yenə mayın 28-də keçirilməyəcək
31.07.2008 - 15:27
Azərbaycan kubokunun final matçı yenə mayın 28-də keçirilməyəcək
“Növbəti mövsümdə ölkə kubokunun final matçının 2009-cu ilin mayın 23-də keçirilməsi planlaşdırılıb. Bu həlledici görüşlə mövsümə yekun vurulacaq. Final qarşılaşmasının mayın 28-də keçirilməməyi yığmanın oyunu ilə bağlıdır. Belə ki, milli komandamız 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində gələn ilin iyunun 6-da Uelsi qəbul edəcək. Biz yığmamızın bu rəsmi oyuna daha yaxşı hazırlaşmaq məqsədilə final oyununu bir qədər erkən keçirməyi məqsədəuyğun saymışıq. Premyer Liqada son turun görüşləri isə mayın 17-də keçiriləcək. Belə olan halda, milli komandamızın Uelslə görüşə hazırlaşmağa kifayət qədər vaxtı olacaq”.
Premyer Liqanın ilk dövrənin noyabrın 30-da başa çatacağını deyən M.Həsənovun sözlərinə görə, dövrlərarası fasilə iki ay yarım çəkəcək. Belə ki, ikinci dövrəyə gələn ilin fevralın 14-də start veriləcək: “Hazırda təqvim üzərində işləyirik və bu, sabah hazır olacaq. Biz təkcə ilk turun oyunlarından hansının 9-da, hansının 10-da başlanması yox, bütün turlar üzərində işləyirik. Təqvimin hazırlanması zamanı yığmalarımızın oyunlarını da nəzərə alırıq. Ölkə kuboku uğrunda mövsümə isə sentyabrın ortalarında başlanması nəzərə tutulub. Bunun üçün birinci divizionda yarışların başlanması vacib şərtdir ki, bu yarışın avqustun son ongünlüyündə başlanması planlaşdırılıb. Turun matçları ötən mövsüm olduğu kimi, şənbə və bazar, kubok oyunları isə həftə işi, əsasən çərşənbə günü keçiriləcək”.
Qeyd edək ki, ötən mövsüm kubokun final oyunu təqvim üzrə mayın 28-də keçirilməsi nəzərdə tutulsa da, sonradan bu həlledici matçla son turun görüşlərinin yerləri dəyişdirilib. Nəticədə “Xəzər-Lənkəran”la “İnter” arasında Tofiq Bəhramov adına Respublika stadionundakı görüş şənbə günü - mayın 24-də baş tutub.
0