Oktay Dərəlioğlu “Xəzər-Lənkəran”a İtaliya yığmasının sabiq baş məşqçisini gətirmək istəyib
04.08.2008 - 13:23
Oktay Dərəlioğlu “Xəzər-Lənkəran”a İtaliya yığmasının sabiq baş məşqçisini gətirmək istəyib
Hazırda İstanbulda olan O. Dərəlioğlunun sözlərinə görə, klubun meneceri kimi daha səviyyəli məşqçi ilə danışıqlar aparmaq fikrində olub: “Biz komandaya türkiyəli mütəxəssis axtarmırdıq. Ancaq rəhbərlik Rasim Karanı yenidən baş məşqçi təyin etdi”. Yaxın zamanlarda Azərbaycana gələcəyini söyləyən O.Dərəlioğlu “Xəzər-Lənkəran”ın baş məşqçi postuna namizədlərin adlarını açıqlayıb: “İtalyan və ispan mütəxəssislə danışıqlar aparmışdım. Konkret olaraq, İtaliyadan Klaudio Centile, İspaniyadan Xose Mari Bakero ilə danışığım olmuşdu. Centile tanınan mütəxəssisdir, Bakero isə “Barselona”nın əfsanəvi futbolçusu olub. İspaniyada legioner həyatı yaşadığımdan Avropanın bir sıra məşhur məşqçiləri ilə yaxından tanışlığım var”.
Qeyd edək ki, futbolçu karyerasının böyük hissəsini “Yuventus” klubunda (283 oyun, 9 qol) keçirən K.Centile müdafiəçi olub və ölkə daxilində çempionluq, kubokla yanaşı, Kuboklar kubokunu, UEFA kubokunu və UEFA Superkubokunu qazanıb. İtaliya yığmasının heyətində (71 oyun, 1 qol) 1982-ci ildə dünya çempionu olan 55 yaşlı K.Centile 2000-06-cı illərdə İtaliyanın olimpiya yığmasını çalışdırıb və baş məşqçi postunu bu ilin matında ölkəmizə gələn Pyerliuci Kaziragiyə təhvil verib. “Barselona”nın (260 oyun, 72 qol) oyun qurucusu olan 45 yaşlı X.M.Bakero isə bu ildən Rumıniyanın aşağı liqa klubu “Otopeni”də çalışır.
0