Azərbaycan UEFA-nın reytinqində mövsümü 41-ci yerdə başa vurub
07.08.2008 - 11:32
Azərbaycan UEFA-nın reytinqində mövsümü 41-ci yerdə başa vurub
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan UEFA-nın klub reytinqində mövsümü 41-ci yerdə başa vurub. “APA-Sport” agentliyinin məlumatına görə, avrokuboklarda çıxışını başa vuran klublarımız əmsalımızı 4,498-ə yüksəldib. Azərbaycan qitə miqyaslı turnirdə cari mövsümdə 0,666 xal toplayıb ki, bu da “İnter”in Çempionlar Liqasında üç, “Olimpik”in UEFA kubokunda bir heç-heçəsi hesabına əldə olunub. UEFA kubokunda digər iştirakçımız olan “Xəzər-Lənkəran” keçirdiyi hər iki oyunda uduzub. Cari avrokuboklar mövsümündə ən yaxşı çıxış edən “Neftçi” olub ki, komanda İntertotoda keçirdiyi 6 oyundan 3-də qalib gəlib, 1-də heç-heçə edib, 2-də uduzub. Ancaq tarixində sonuncu dəfə keçirilən İntertotoda çıxışa görə xal verilmədiyi üçün “Neftçi” əmsalımızı yüksəldə bilməyib. Avrokuboklarda ötən mövsüm olduğu kimi, 0,666 xal toplayan Azərbaycanı 5,165 xalla Makedoniya qabaqlayır ki, bu ölkənin təmsilçiləri də qitə miqyaslı turnirdə çıxışını artıq başa vurub. Azərbaycan 53 ölkənin yer aldığı UEFA-nın reytinqində Estoniya, Albaniya, Qazaxıstan, Ermənistan, Uels, Şimali İrlandiya, Farer adaları, Lüksemburq, Çernoqoriya, Andorra, Malta və San-Marinonu qabaqlayır. Bu ölkələrdən yalnız Albaniyanın avrokuboklarda təmsilçisi qalıb. Ancaq Tirananın “Vlajniya” klubuna UEFA kubokunda İtaliyanın “Napoli” komandası ilə çətin sınaq gözlədiyindən, xal ehtiyatını artırmaq çətin olacaq. Belə olan halda, Azərbaycanın 41-ci pillədəki mövqeyini dəyişməyəcəyi gözlənilir. 43-cü pillədə qərarlaşan Albaniya (3,999) ölkəmizdən 0,499 xal geri qalır. Ötən il də avrokuboklarda qələbə qazanmayaraq, 0,666 xal toplayan Azərbaycan mövsümü 42-ci pillədə başa vurmuşdu.
Qeyd edək ki, keçən mövsümlə müqayisədə UEFA-nın klub reytinqində bir pillə irəliləyən ölkəmizin həmin vaxt əmsalı 3,832 olub.


0