“İnter” “Olimpik”lə görüşə çıxmaq istəmir
07.08.2008 - 16:56
“İnter” “Olimpik”lə görüşə çıxmaq istəmir
Bakı. Mehman Süleymanov - APA-Sport. Bakının “İnter” klubu heyətlə bağlı ciddi problemlə üzləşib. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən komandanın ukraynalı baş məşqçisi Valentin Xodukinin sözlərinə görə, Premyer Liqada ilk turda “Olimpik”lə çətin oyuna itkilərlə çıxmalı olacaqlar: “Cərrahiyyə əməliyyatı olunan uruqvaylı Roman Quello iki ay oynamayacaq. Serbiyalı Qoran Arnautu Almaniyaya cərrahiyyə əməliyyatına yollamışıq və bir ay çıxış etməyəcək. “Partizan”la oyunları zədə səbəbindən Bronislav Çervenka 7-10 günə sağalacaq. Daha 5 futbolçumuzun isə Belqraddakı oyundan sonra problemi yaranıb. Serbiyalı Milan Zaqorats əzələsini dartıb, bolqarıstanlı Petar Zlatinov özünü heç də yaxşı hiss etmir, başı gicəllənir. Deyəsən, Serbiyada zəhərlənib. Xaqani Məmmədov, Emin İmaməliyev və Mahmud Qurbanov da “Partizan”la cavab görüşündə zədə alıblar”. V.Xodukin üç gündən sonra oyuna çıxmağın çətin olduğunu söyləyib: “Təqvimin qurulması zamanı yığmanın oyunlarının nəzərə alındığını deyirlər. Ancaq reallığı, “Partizan”la ağır oyunu və zədəlilərimizi nəzərə alsaq, çətin vəziyyətlə üzləşmişik. Belqraddan bu gün qayıtmışıq, yol yorğunluğu öz sözünü deyir. 48 saat futbolçunun bərpa prosesi üçün kifayət deyil. Bu mənada “Olimpik”lə görüşün başqa vaxta keçirilməsi daha məqsədəuyğun olardı”. “İnter”in prezidenti Georgi Nikolov isə “APA-Sport”a açıqlamasında artıq bununla bağlı addım atdıqlarını söyləyib: “İlk turda “Olimpik”lə oyunumuzun təxirə salınmağı ilə bu gün AFFA-ya rəsmi müraciət etmişik. Heyətlə bağlı çox ciddi itkilərimiz var. Birdən-birə 8 futbolçumuz sıradan çıxıb. “Olimpik”lə avqustun 10-a təyin olunan matçın heç olmasa bir gün sonraya təxirə salınmağını istəyirik”.
Qeyd edək ki, “Şəfa” stadionunda keçiriləcək “Olimpik” – “İnter” oyununun saat 17:00-da başlanması nəzərdə tutulub.



0