Azərbaycan yığmasının futbolçusu “Srvena Zvezda” klubunda debüt edib
15.08.2008 - 09:56
Azərbaycan yığmasının futbolçusu “Srvena Zvezda” klubunda debüt edib
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycanın futbol üzrə milli komandasının üzvü Branimir Subaşiç Serbiyanın “Srvena Zvezda” klubunun heyətində ilk rəsmi oyununa çıxıb. “APA-Sport” agentliyinin məlumatına görə, 26 yaşlı hücumçunun yeni komandasında debütü Kiprin Nikosiya şəhərində rəsmiləşib. UEFA kubokunun ikinci təsnifat mərhələsi çərçivəsində “Apoel”lə qarşılaşan “Srvena Zvezda” səfərdə heç-heçəyə nail olub – 2:2. Yığmamızın serbiyalı futbolçusu start heyətində yer alıb və 68 dəqiqə oynayıb. “Srvena Zvezda”nın 62-ci dəqiqədə vurduğu qolda B.Subaşiçin rolu olub. Onun Pavle Ninkovla qurduğu kombinasiya nəticəsində serbiyalılar ikinci dəfə fərqlənərək, məğlubiyyətdən yaxa qurtarıblar. Bu qoldan 6 dəqiqə sonra B.Subaşiç İvan Triçkovski ilə əvəzlənib. Tərəflər arasında cavab matçı avqustun 28-də Belqradda keçiriləcək.
Qeyd edək ki, B.Subaşiç “Srvena Zvezda”ya iki ay öncə “Neftçi”dən transfer olub.
0