Gürcüstan yığması Bakıdan qələbə ilə ayrılır
10.10.2008 - 17:24
Gürcüstan yığması Bakıdan qələbə ilə ayrılır
Bakı. Aqşin Əliyev - APA-Sport. Bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Azərbaycan və Gürcüstanın 19 yaşadək futbolçulardan ibarət milli komandaları arasında ikinci yoldaşlıq görüşü keçirilib. “APA-Sport”un məlumatına görə, bu matçda həmyerlilərimiz meydanı başıaşağı tərk ediblər.

Milli komandamızın məğlubiyyətində birinci hissənin ortalarında Eşqin Quliyevin qırmızı vərəqə ilə cəzalandırılması böyük rol oynayıb. Qarşılaşmanın baş hakimi Elvin Əsgərov Quliyevi ikinci sarı vərəqə ilə meydandan qovub. Bundan sonra üstünlük tədricən qonaqların tərəfinə keçib. Ancaq ilk hissə qolsuz bərabərliklə nəticələnib.

Fasilədən sonra Gürcüstan yığması hesabı açıb. Tezliklə futbolçularımız qapılarında növbəti qolu görüblər. Yaşar Vahabzadənin yetirmələri isə yalnız final fitinə bir neçə dəqiqə qalmış təsəlli qolunu vurublar. Milli komandamızdan Emin Mustafayev fərqlənib - 1:2.

Bununla da, ölkəmizdə təlim-məşq toplanışı keçən gürcüstanlılar vətənə qələbə ilə dönüblər. Sözügedən komandalar arasında ilk oyun heç-heçə başa çatmışdı (0:0). Yoldaşlıq görüşləri yığmamız üçün Avropa çempionatının ilkin seçmə qrup mərhələsinə hazırlıq xarakteri daşıyırdı.
0