Türkiyə yığması Avropa çempionatının astanasında
11.10.2008 - 00:54
Türkiyə yığması Avropa çempionatının astanasında
Bakı. Aqşin Əliyev - APA-Sport. 21 yaşadək futbolçulardan ibarət yığmalar arasında Avropa çempionatının seçmə mərhələsinin pley-off matçlarına start verilib. “APA-Sport”un məlumatına görə, ilk oyun günündə 4 görüş baş tutub.

Türkiyə milli komandası Belarusla qüvvəsini sınayıb. Antalyada keçirilən qarşılaşmada “ay-ulduzlular” minimal hesablı qələbə qazanıblar. 10-cu dəqidədə Sercan Yıldırımın vurduğu qol cavab görüşü ərəfəsində türklərə böyük üstünlük yaradıb. Qitə biriciliyinə vəsiqə qazanmaq üçün onlara təkrar matçda heç-heçə də sərf edir.

Bu gün daha 3 pley-off oyunu keçiriləcək: İsveçrə - İspaniya, İtaliya – İsrail və Danimarka - Serbiya. Pley-off mərhələsinin qalibləri Avropa çempionatında iştirak hüququna yiyələnəcəklər. Yarış gələn ilin yayında İsveçdə təşkil olunacaq. Reqlamentə əsasən, turnirdə meydan sahibləri ilə birgə 8 komanda çıxış edəcək.

Qeyd edək ki, Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində mübarizəni erkən dayandırıb.10 oyundan 3 xal toplayan milli komandamız qrupda sonuncu, 6-cı yeri tutduğundan pley-off mərhələsindən kənarda qalıb.


Türkiyə - Belarus - 1:0
Sercan Yıldırım, 10.

Almaniya - Fransa - 1:1
Dejaqa, 14 - Kabul, 23.

Uels - İngiltərə - 2:3
Çörç, 13, 44 - Viter, 19; Conson, 35; Aqbonlahor, 61.

Avstriya - Finlandiya - 2:1
Saurer, 10; Kleyn, 13 - Hetemay, 63.
0