Fatih Terim: “Bosniya-Herseqovina ilə oyunda kapitan sarğısını Sərvət daşıyacaq”
11.10.2008 - 10:18
Fatih Terim: “Bosniya-Herseqovina ilə oyunda kapitan sarğısını Sərvət daşıyacaq”
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. “Nihat, Tuncay, Semih, Əmrə, Hamit ve Mehmet Topal sıralarımızda deyil. Bunların birinin olmamağı bizim üçün itkidir. Bizim sıralarımız seyrəldikcə gücümüz artır”. “APA-Sport”un məlumatına görə, bu sözləri Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim deyib. Bu gün Bosniya və Herseqovina ilə qarşılaşacaq komandasının durumunu izah edən mütəxəssis itkilərin çoxluğundan qorxmur: “Avro-2008-də olduğu kimi buna əhəmiyyət verməyib mübarizə aparacağıq. Bir bayraq altında toplaşmağa, ölkənin hamımızın olduğunu anlamaq və anlatmağa həmişəkindən də çox ehtiyacımız var. 13-14 zədəli oyunçumuz var. Gənc komanda ilə qalmışıq. Amma buna görə narahatçılığa dəyməz. Çox bacarıqlı gənclərdir. Onlara güvənirəm. Avropa çempionatına qədər yığmada cəmi 1 qol vuran Semih həmin turnirdə bu rəqəmi 4-ə çatdırdı. İndiyə kimi qol vurmayanlar da Bosniya və Herseqovuna ilə matçda hesablarını açacaq. Rəqib çox hərəkətli komanda, İspaniya səviyyəsində bir rəqibdir. Bu qarşılaşmada kapitan sarğısını Sərvətə verəcəyik. Məsutla bağlı onu deyim ki, onun Almaniyanı seçməsi yalandır. “Qalatasaray”a qayıtmağımla bağlı söhbətlər şişirdilib. 21 yaşlılardan ibarət yığmamız Avropa çempionatına vəsiqə qazansa həmin komandanın başında özüm olacağam”.
0