Yenə qrupda axırıncı yeri tutduq
12.10.2008 - 19:39
Yenə qrupda axırıncı yeri tutduq
Bakı. Aqşin Əliyev - APA-Sport. 17 yaşadək qızlardan ibarət futbol üzrə milli komandalar arasında Avropa çempionatının İtaliyada keçirilən 2-ci seçmə qrup mərhələsinin oyunlarına yekun vurulub. “APA-Sport”un məlumatına görə, meydan sahibləri ilə yanaşı, Fransa və İslandiyanı sınağa çəkən Azərbaycan yığması qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bilməyərək, mübarizəni erkən mərhələdə dayandırıb.

Belə ki, Şamil Heydərovun yetirmələri 3 oyundan cəmi 1 xal toplayıblar. Öncə İtaliya (1:3) və Fransaya (0:6) uduzan milli komandamız son oyunda İslandiya ilə qüvvəsini sınayıb. Tərəflərin səyinə baxmayaraq, matçda hesab açılmayıb. Digər görüşdə Fransa İtaliyanı böyük hesabla üstələyib - 5:0.

Yekunda fransalılar 9 xalla birinci yer tutub. Liderdən 3 xal geri qalan Apennin yarımadası təmsilçiləri 2-ci pillədə qərarlaşıblar. Həm Azərbaycan, həm də İslandiya eyni miqdarda xal toplayıb. Lakin islandiyalılar daha yaxşı top fərqinə görə (0-2), yığmamızı qabaqlayıblar. Milli komandamızda isə top fərqi 1-in 9-a olub.
0