Finlandiya - Azərbaycan oyununa rusların baxışı
13.10.2008 - 11:36
Finlandiya - Azərbaycan oyununa rusların baxışı
Bakı. Mehman Süleymanov - APA-Sport. “Sözsüz ki, Azərbaycan Finlandiya üçün elə də təhlükəli rəqib deyildi. Ancaq hər halda, bu da Allahın verdiyi rəqibdir. İddiasız komanda olan Azərbaycan millisinə futbol şüuru, düşüncəsini öyrətmək işini Berti Foqts öz üzərinə götürüb”. “APA-Sport”un məlumatına görə, bu fikirlər Rusiyanın “Sport-Express” qəzetində Finlandiya - Azərbaycan oyunu barədə yazıda yer alıb.

Finlandiya yığmasını zəif Azərbaycanla qarşılaşmada heç nə ilə yadda qalmadığını qeyd edən rus həmkarımız Saşa Yunisoğlunu hədəfə alıb. O, müdafiəçimizin sonda penalti zərbəsi ilə nəticələn epizodda hərəkətini başa düşmür: “Yunisoğlu cərimə meydanında hava ötürməsi zamanı Sami Hyuyupyanın maykasını tuturdu. Onun niyə belə etdiyi başa düşülən deyildi. Axı topla Hyuyupya arasında 10 metr məsafə vardı. Sonda Sami yerə yıxıldı və penalti təyin olundu”.

Müəllifin fikrincə, görüşü idarə edən 29 yaşlı Uilyam Kollum meydan sahiblərinə necə deyərlər, borclu olduğundan Azərbaycanın qapısına penaltini təyin etməli imiş. Məsələ ondadır ki, şotland hakim hələ ilk hissədə Daniel Syolund cərimə meydanında yerə yıxılarkən, bütün stadionun uğultulu səslə tələb etdiyi 11 metrlik cərimə zərbəsini vermədiyi üçün özünü sanki günahkar hiss edirmiş: “Bununla da Kollum Finlandiya yığmasının sükanı arxasında olan həmyerlisi Stüart Beksterə kömək etməyə qərar verir. Axı Beksterin atası Kollumun vətəni olan Şotlandiyadandır”.

Azərbaycan yığmasının rəqibə 90 dəqiqə ərzində hücum etmədiyini yazan “Sovetskiy Sport” isə milli komandamızın milliləşmiş legionerlərinə toxunub: “Yeni azərbaycanlılar” – serb Branimir Subaşiçlə braziliyalı Leandro Qomeş finlərin mərkəz müdafiəçiləri Hyuyupya ilə Tihinendən qaça bilsələr də, komanda yoldaşları onları sığortalayırdı. Belə olan halda, qocalan bu asta yeriyən fin müdafiəçilərə Arşavin, Jirkov kimi reaktiv sürətli rus futbolçuların dalınca qaçmaq çox çətin olacaq. Bu, Finlandiya ilə oyunda bizim əsas üstünlüklərimizdən biridir”.


0