Bəhreyn Azərbaycana qarşı ikinci heyətlə oynayacaq
14.10.2008 - 09:39
Bəhreyn Azərbaycana qarşı ikinci heyətlə oynayacaq
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Sabah Azərbaycanla yoldaşlıq oyunu keçirəcək Bəhreyn yığması qarşılaşmaya 17 futbolçuyla hazırlaşır. “APA-Sport”un məlumatına görə, ərəblərin heyətində zədəlilərin olması çexiyalı mütəxəssis Milan Maçalanı oyunçu problemi ilə üz-üzə qoyub. Yığmanın meneceri olan sabiq müdafiəçi Həsən Xalfan 4 aparıcı futbolçunun xidmətindən məhrum olduqlarını açıqlayıb.

Qətərin “Əl-Xor” klubunun müdafiəçisi Məhəmməd Səid Adnan baldır nahiyəsində əzələsini qırdığından heyətdən kənarlaşdırılıb. “Əl-Nəcmə”nin hücumçusu Rəşid Camal Salam dizindəki zədə, digər ön xətt oyunçusu - “Əl-Vəhd”də çıxış edən Abdulla əl Dehil isə əzələ bağlarındakı problem üzündən Azərbaycanla oyunu buraxmağa məcburdur. Küveytin “Əl-Ərəbi” klubunda top qovan İsmayıl Abdul topuğunu əzərək sıradan çıxıb.

Xalfanın sözlərinə görə, Azərbaycanla matç dünya çempionatının seçmə mərhələsinin Avstraliya ilə oyunundakı heyətin müəyyənləşməsi baxımından zəruridir. Qətərlə qarşılaşmada çıxış edən 4 oyunçunu heyətdən kənarlaşdıran Maçala, ümumilikdə 8 əsas oyunçusu olmadan yığmamıza qarşı çıxacaq. Küveytdə legioner həyatı yaşayan müdafiəçi Abdulla əl Mərzuqi və komandanın kapitanı Mahmud Cəlal, həmçinin “Müharraq”in yarımmüdafiəçiləri Abdulla Məhəmməd Ömərlə Salman da düşərgəyə çağırılmamışdı.








0